08.11.2024-cü il tarixdə Ağdamda Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib
08 noyabr 2024 | 20:28
08 noyabr 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzinin qarşısında Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə “Şəhidlər” Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, mədəniyyət müəssisələrinin, Ağdam Dövlət Dram Teatrının, Ağdam Musiqi Kollecinin dəstəyi, idmançıların iştirakı ilə baş tutan bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak etmişlər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək tədbir iştirakçılarına təbriklərini çatdırmış, 2020-ci ilin sentyabrın 27-dən başlayıb, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən, xalqımızın öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən, 30 ilə yaxın davam edən münaqişədə qalib gələrək ərazi bütövlüyümüzü təmin etməsindən bəhs etmişdir. Daha sonar Respublikanın əməkdar artistləri Fehruz Səxavət, Səbuhi İbayev, Elnur Zeynalov, Ehtiram Hüseynov muğam ifaçısı Güllü Muradova və Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir. Sonda Rayon İcra Hakimiyyəti tərəfindən möhtəşəm atəşfəşanlıq təşkil edilib.