04 aprel 2026-cı il tarixdə kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun xatirəsi məzarı başında anılıb
05 aprel 2026 | 10:15
04 aprel 2026-cı il tarixdə Sumqayıt Şəhidlər Xiyabanında 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun şəhidlik zirvəsinə ucalmasının 10-cu ildönümü məzarı başında qeyd edilib.
Anım mərasimində şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, şəhid ailələri, qazilər, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları şəhid polkovnik-leytenant Raquf Orucovun keçdiyi döyüş yolundan, aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan söhbət açmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı şanlı Zəfərdən bəhs etmişlər.
Qeyd edək ki, Raquf Orucov 2016-cı ilin aprel ayının 4-də Ağdərə rayonunun Talış kəndinin erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Raquf Orucov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamlarına əsasən 1995-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, 1998-ci ildə “Hərbi xidmətlərə görə”, 2001-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, 2003-cü ildə “Qüsursuz xidmətə görə” III dərəcəli, 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” II dərəcəli, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” I dərəcəli, 2016-cı ildə “İgidliyə görə” medalları ilə təltif edilib.






