01.10.2026-cı il tarixində Ağdamda Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib
01 oktyabr 2026-cı il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzində Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Ağdam Rayon Prokuroru Vasif Süleymanov, Ağdam Hərbi Prokuroru Elnur Kərimov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP üzvləri və rayon prokurorluğunun əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilmiş, Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının və dünyasını dəyişmiş prokurorluq işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının fəaliyyətində yeni bir dövrün başlanmasından, ümummilli lider Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamından, cənab prezident İlham Əliyevin göstərişləri əsasında prokurorluq orqanlarında son dövrlərdə aparılan kadr islahatları nəticəsində savadlı kadrların vəzifədə irəli çəkilməsindən, yüksək keyfiyyətli təhsil almış gənclərin prokurorluq orqanlarına qəbul olunmasından bəhs etmişlər. Tədbirin sonunda bir qrup prokurorluq orqanının əməkdaşı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatlandırılmışdır.






