Şriftin ölçüsü :

Saytın rəngi :

Gələn il Ağdamda 3000 hektar sahədə pambıq əkiləcək

20 sentyabr 2016 | 11:00

Ağdam Rayon İcra Hakimiyyətində sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı ilə bağlı keçirilən respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunan yığıncaq keçirilib.
Rayonun rəhbər işçiləri, fermerlər, pambıq istehsalçıları, təsərrüfat rəhbərləri, bələdiyyə sədrləri və kənd inzibati ərazi nümayəndələrinin iştirak etdikləri mərasimdə rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov rayonda pambıqçılıq sahəsində mövcud vəziyyətdən bəhs edib. Prezident İlham Əliyevin respublikamızda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə pambıqçılığın sürətli inkişafına əlverişli şərait yaratdığını diqqətə çatdıran Raqub Məmmədov sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən layihələrdən də söz açıb.
Vurğulanıb ki, 2016-cı ildə rayon üzrə 551 hektarda pambıq əkilib. Bunun da böyük qismi xüsusi mülkiyyətə aid torpaqlardır. Bu torpaq sahələrinin mülkiyyətçiləri ilə “MKT” və “CTS Aqro” MMC-nin pambıq istehsalat və tədarükü məntəqəsi arasında müqavilələr bağlanıb. Müqavilə şərtlərinə əsasən pambığın becərilməsində və yığılmasında zəruri tədbirlər görülüb. Pambıq sahələri aqrotexniki qaydada becərilib, suvarma suyu ilə təmin edilib və nəticədə sahələrdə bol məhsul yetişib. Hazırda sahələrdə pambıq yığımı davam etdirilir.
Diqqətə çatdırılıb ki, 2017-ci ildə rayonda 3000 hektar torpaq sahəsində pambıq əkilməsi nəzərdə tutulub. Bu torpaqların böyük qismi xüsusi mülkiyyətdə olan torpaqlardır. Həmin torpaq sahələrində suvarmanın müntəzəm qaydada həyata keçirilməsini, pambığın aqrotexniki qaydada becərilməsini nəzərə alaraq, növbəti ildə hər hektardan mümkün qədər çox pambıq yığılması planlaşdırılır.
Yığıncaqda pambıqçılıq təsərrüfatlarının rəhbərləri və fermerlərin təklifləri dinlənilib, qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların rəhbərlərinə göstərişlər verilib

Keçidlər