BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Ağdamda olmuşdur.
Ağdam, 20 may (AzərTAc, Əsəd Məmmədov). Mayın 20-də BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Ağdam rayonuna gəlmişdir. Qonağı Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri şöbəsinin müdiri Qurban Sadıqov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson müşayiət etmişlər.
AzərTAc xəbər verir ki, əvvəlcə qonaqlar rayonun Quzanlı qəsəbəsi yaxınlığında, yol kənarındakı çiy kərpicdən tikilmiş evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olmuşlar. Qonağa məlumat verilmişdir ki, 180 mindən çox əhalisi olan Ağdam rayonu 1993-cü ildə işğal olunmuşdur. Bu gün 143 min ağdamlı məcburi köçkün həyatı yaşayır. Ağdamda məcburi köçkünlər üçün 18 qəsəbə tikilib istifadəyə verilmişdir.
Ağdam rayonundan məcburi köçkün Aslan Rüstəmovun evinə gələn qonaqlar ailənin yaşayış şəraiti ilə tanış olmuşlar.
İyirmi ildən artıqdır ki, bu cür çətin şəraitdə yaşadıqlarını deyən A.Rüstəmov Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayan erməni təcavüzkarlarına hələ də dünya ictimaiyyəti tərəfindən heç bir təzyiqin olunmamasının narahatlıq doğurduğunu diqqətə çatdırmışdır.
A.Rüstəmov məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən göstərilən diqqət və qayğıdan danışmış, ən böyük arzularının öz evlərinə qayıtmaq olduğunu vurğulamışdır. O, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsindən, beynəlxalq hüququn tələblərinə məhəl qoymamasından narahatlığını bildirmişdir.
Sonra Çaloka Beyani 2010-cu ilin noyabrında Quzanlı qəsəbəsi ərazisində məcburi köçkünlərin istifadəsinə verilmiş yeni qəsəbəyə gəlmişdir. Qonağa qəsəbə barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 689 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş qəsəbə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında bu qəbildən olan insanların məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınmışdır.
Qəsəbədəki 18 nömrəli məktəbə gələn qonaq burada şagirdlərin təhsil almaları üçün yaradılmış şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki,
480 şagird yerlik məktəbdə yüksək təhsil üçün hər cür şərait yaradılmışdır. Qonaqlar məktəbin sinif və kompyuter otaqlarına baxmış, tədris prosesi ilə tanış olmuşlar.
Qonaqlar Qarabağ müharibəsi əlili Fəxrəddin Rəhimovun evinə də baş çəkmişlər.
Sonda BMT rəsmisi Ağdam musiqi kollecində olmuş və burada uşaq xor dərnəyinin ifasını dinləmişdir.
Səfərlə bağlı təəssüratlarını bölüşən Çaloka Beyani demişdir: “Mənim burada gördüyüm insanlar çox çətin şəraitdə yaşayırlar. Artıq iyirmi ildən artıqdır ki, bu insanlar bu cür ağır şəraitdə yaşayırlar. Onların övladları, nəvələri də bu cür şəraitdə böyüyürlər. Mən onlar üçün yeni qəsəbələrin tikilməsi təşəbbüsünü alqışlayıram. Bütün bunlara baxmayaraq, onların ən böyük arzusu öz doğma torpaqlarına qayıtmaqdır. Çox ümid edirik ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq və məcburi köçkünlər doğma torpaqlarına qayıdacaqlar”.
Qonaqlar Ağdam, Bərdə və Yevlaxda məcburi köçkünlər üçün salınmış qəsəbələri helikopterdən seyr etmişlər.