ABŞ-ın Cons Hopkins Universitetinin nümayəndə heyəti Ağdam rayonunda olmuşdur-
ABŞ-ın Cons Hopkins Universitetinin nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Ağdam rayonunda olmuşdur. AzərTAc xəbər verir ki, Cons Hopkins Universitetinin professorları Filip Terrens Hopman, Vilyam Zartman və universitetin 18 tələbəsi ilə Ağdam Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin problemləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonu ərazisinin 77 faizi – Ağdam şəhəri, bir qəsəbə və 82 kənd işğal edilərək talanmış və dağıdılmışdır. Rayonun 180 min əhalisindən 143 mini məcburi köçkün kimi respublikanın 62 rayon və şəhərində məskunlaşmışdır. Təcavüzkar Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur.
Qeyd olunmuşdur ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınmışdır. Məcburi köçkünlər üçün nə qədər yaxşı şərait yaradılsa da, onların ən böyük arzuları doğma yurd-yuvalarına qayıtmaqdır. Quzanlı qəsəbəsindəki mədəniyyət evinə gələn qonaqlara Qarabağın tarixi, maddi mədəniyyət abidələri, bu bölgədən olan dünya şöhrətli musiqiçilər haqqında geniş məlumat verilmişdir. Ağdamın işğaldan əvvəlki və sonrakı görüntüləri əks olunmuş “Qafqaz Xirosiması” filmi göstərilmiş və uşaq musiqi məktəbi xor kollektivinin ifası dinlənilmişdir. Professor Vilyam Zartman jurnalistlərə müsahibəsində bildirmişdir ki, səfərin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin problemləri ilə bağlı daha yaxından tanış olmaq və münaqişə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.