Ağdamda yeni dərs ilinin başlanılması məqsədilə müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib
Məlum olduğu kimi son illər başqa-başqa sahələrdə aparılan sosial iqtisadi siyasət nəticəsində ölkəmizdə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycam Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial - iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır.
Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiya və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir. Azərbayan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə həmişə təhsil sahəsinə xüsusi nəzər və diqqət ayırmış və söyləmişdir “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsinə əsas məqsəd kimi seçən Ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırki vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”. Son dövrlər həyata keçirilən islahatlar bütün bunların əyani sübutudur. Belə ki, ulu öndərin layiqli davamçısı olan İlham Əliyev cənablarının da diqqət və nəzəri daima təhsilin üzərindədir. Ölkəmiz müharibə şəraitində yaşamasına baxmayaraq Dövlət tərəfindən təhsilə diqqət və qayğı həmişə ön cərgədə yer alır. İlham Əliyev cənablarının sözü ilə desək “Əgər ölkə müharibə şəraitində olmasaydı çox güman ki, təhsil xərcləri birinci yerdə olacaqdı. Biz təhsilə ayrılan xərclərdən çox böyük səmərə ilə istifadə etməliyik”. Son 10 ildə təkcə Ağdam rayonu ərazisində cənab prezidentin göstərişi ilə 30 dan çox məktəb tikilib, 15-dən artıq məktəb binası əsaslı təmir olunmuş və bütün lazımı avadanlıqlarla təhciz olunmuş və şagirdlərin istifadəsinə verilmişdir. 2016/2017-ci tədris ilində Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bənövşələr kənd tam orta mətəbi əsaslı təmir olunmuş, R. Məmmədov adına Mahrızlı kənd tam orta məktəbi isə demək olar ki, yenidən qurularaq istifadəyə verilmişdir. R.Məmmədov adına Mahrızlı kənd tam orta məktəbi təmir olunduqdan sonra dərhal sonra Təhsil Naziri cənab M.Cabbarovun göstərişi ilə bütün lazımi avadanlıqlar, tədris vəsaitləri ilə təmin olunmuşdur.
Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası ” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür. Şagirdlərin dövrün çağrışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi yetişməsi üçün yerli təhsili idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədi ilə Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovun 28.08.2017-ci il 261№li əmri ilə 2017/2018-ci tədris ili ölkənin dövlət ümumitəhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan olunmuşdur.
Ağdam ziyalıları da daima Dövlətimizi və dövlətçiliyimizi dəstəkləyərək təhsil tarixində baş verən islahatların, əmr və sərəncamların vaxtında həyata keçirilməsində çalışır və buna da nail olurlar.
Ağdam rayon Təhsil Şöbəsi 2016/2017-ci tədris ilinə 135 ümumtəhsil məktəbi (Onlardan 117 tam orta, 17 ümumi orta, 1 ibtidai) və 5 məktəbdənkənar müəssisəsi ilə başlamışdır ki, bu məktəblərdə 20558 nəfər şagird təhsilə cəlb edilmiş və onların təlim tərbiyəsi ilə 4035 pedaqoji heyət məşğul olmuşdur.
Cari dərs ili ərzində təhsilə cəlb olunmuş 20558 şagirddən 812 nəfəri müxtəlif səbəblərdən yerdəyişmə etmişdir. Onlardan 282 nəfəri rayonun müxətlif ümumtəhsil məktəblərinə, 414 nəfəri isə respublikanın müxtəlif ümumtəhsil məktəblərinə getmişlər. Həmçinin dərs ili ərzində ümumtəhisl məktəblərə müxtəlif rayonlardan 313 nəfər, xarici ölkələrdən 8 nəfər qəbul olunmaqla dərs ilinin sonunda şagird kontingenti 20452 olmuşdur. Bu şagirdlərdən 80 nəfərinin biliyi qiymətləndirilmədiyi üçün sinifdə saxlanılmış, 7 nəfəri isə yay tapşırığı almışdır.
2016/2017-ci dərs ilində Ağdam rayon ümumtəhsil məktəbləri üzrə 117 tam orta məktəbdən 1354 nəfər DİM-in təşkil etdiyi buraxılış imtahanlarında iştirak etmiş, onlardan 825 nəfəri yəni 60.93% hər üç fəndən müvəffəq qiymət almışdır.
Həmçinin 74 nəfər XI sinif məzunu tam orta təhsil haqqında attestata yazılacaq bütün fənlərdən illik qiyməti və hər üç imtahandan 5 (beş) qiymət aldıqlarına və nümunəvi davranışlarına görə fərqlənmə attestatı almışlar. Onlardan 33 nömrəli tam orta məktəbdən 5 nəfər, 81 nömrəli, 149 nömrəli və Səfərli kənd tam orta mktəblərin hər birindən 4 nəfər, 23 nömrəli, 30 nömrəli və 14 nömrəli məktəblərin hər birindən isə 3 nəfər məzun bu cür yüksək nəticə göstərmişlər. Rayon üzrə 117 tam orta məktəbin 61 məktəbində imtahanların nəticəsi orta rayon göstəricisindən (60.93%) yuxarı, 56 məktəbin ki, isə aşağı olmuşdur.
Eyni zamanda araşdırma nəticəsində məlum olmuşdur ki, rayon üzrə 5 məktəbdə imtahanların nəticəsi 25 %-dən aşağı, 30 məktəbdə 25 %-dən 50 %-ə qədər, 48 məktəbdə 50%-dən 75 %-ə qədər, 34 məktəbdə isə 75 %-dən yuxarı olmuşdur. Onlardan 8 məktəbin nəticəsi 90%-dən yuxarı olmuşdur. Belə ki, 100, 111, 112 nömrəli tam orta məktəblərin hər birinin nəticəsi 100%, 28 və 73 nömrəli tam orta məktəblərin hər birinin nəticəsi 92.3 %, 37 nömrəli məktəbin 92.9%, 36 və 52 nömrəli məktəblərin nəticəsi isə 90% olmuşdur.
Bütün bu ürək açan nəticələrlə yanaşı yuxarıda qeyd etdiyim kimi 5 məktəbimizdə imtahanların nəticəsi 25%dən aşağı olmuşdur. Bu məktəblər Hacıturalı və Ergi kənd, 9, 62, 65 nömrəli köçkün tam orta məktəblər olmuşdur.
2016/2017-ci tədris ilində IX siniflərə 1688 nəfər şagird qəbul edilmiş, dərs ilinin sonuna 1672 nəfər qalmışdır. Onlardan 16 nəfər xəstəliyə görə imtahandan azad olunmuş, 1656 nəfər imtahana buraxılmışdır. İmtahana buraxılanlardan 1588 nəfər imtahanlarda iştirak etmiş və nəticədə 1604 nəfər IX sinif şagirdi ümumi orta təhsil haqqında attestat almışdır ki, onlardan da 10 nəfəri fərqlənmə attestatı almışdır. Araşdırma göstərmişdir ki, 50 nəfərə qədər şagirdin illik və imtahan qiymətləri 5 (beş) olsa da onlar essedən 7 baldan aşağı topladığı üçün fərqlənmə attestatı ala bilməmişlər. Bu məsələ növbəti ildə diqqət mərkəzində saxlanılmalıdır. Həmçinin IX siniflərin imtahan nəticələrinə nəzər salarkən ana dilindən nəticələr qənaətbəxş olsa da riyaziyyatdan nəticələrin zəif olduğu aydın olmuşdur. Belə ki, 45 nəfər şagird hətta 0-5 bal toplamışdır. Hər bir məktəb rəhbəri bu ilki imtahanların nəticələrini pedaqoji şurada geniş müzakirə etməli, qarşıdakı dərs ilində bu gerilik aradan qaldırılmalıdır.
Köçkünlük şəraiti ilə bağlı olaraq bəzi məktəblərdə şagird kontingenti azalmış və bu səbəbdən də bir çox siniflər bağlanmışdır. Kontingenti 50 nəfərdən aşağı olan 17 məktəb və 50-100 nəfər arası olan 31 məktəbimiz vardır ki, onların fəaliyyət göstərib-göstərməməsi barədə məsləhətləşmələr aparılır.
Təhsil nazirliyi tərəfindən keçirilən DQ-də Ağdam rayon təshil müəssisələrində çalışan 4035 nəfər müəllim və rəhbər işçidən 3087 nəfəri iştirak etmiş və müxtəlif nəticələr göstərmişlər. Ilkin sıralama zamanı 0-12 bal arası nəticə göstərmiş 73 nəfər aşkar edilmişdir. Ən acınacaqlı haldır ki, bunların da 42 nəfəri ibtidai sinif, 7 ingilis dili, 7 riyaziyyat, 4 fiziki tərbiyə, 4 tarix, 1 fizika, 2 texnologiya, 2 GÇQH, 2 biologiya, 1 kimya, 1 Azərbaycan dili və ədəbiyyat müəllimləri olmuşdur. Bu müəllimlərdən 6 nəfəri 106 nömrəli tam orta, 3 nəfəri 109, 3 nəfəri 118, 2 nəfəri 14, 2 nəfəri 5, 2 nəfəri 129, 3 nəfəri Baharlı-2 qəsəbə, 2 nəfəri Dördyol-2 qəsəbə, 2 nfəəri 94, 2 nəfəri 95, 2 nəfəri 8 nömrəli tam orta və 2 nəfəri Hacıturalı kənd tam orta məktəblərində olmuşlar.
42 nəfər müəllim 57-60 bal arası toplamışdır ki, bunlardan da Qəhrəmanova Aytən Arif qızı 81 nömrəli köçkün tam orta məktəbin ingilis dili müəllimi 60 bal toplamışdır. Müəllimlərinin ümumi göstəricilərinə görə 81, 23, 33, 150 nömrəli köçkün tam orta və Qaradağlı kənd tam orta məktəblərinin adını çəkmək olar. DQ-nin nəticələri RTŞ-də müzakirə olunaraq belə nəticəyə gəlindi ki, metodkabinet aşağı bal toplayan müəllimlərlə vaxtaşırı Mentor sistemi ilə təlimlər keçirsin və rəhbərliyə hesabat versin. Nəzərinizə çatdırım ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısı cənab Raqub Məmmədovun şəxsi təşəbbüsü ilə yüksək bal toplamış müəllimlərlə görüş keçirələrək onların hər birinə 100 manat məbləğində pul mükafatı, 2 nəfər ehtiyacı olan müəllimə isə həyətyani torpaq sahəsi verilmişdir.
Bildiyimiz kimi uşaqların məktəbə hazırlıq səviyyəsinin artırılıması hazırda qarşıda duran ən prioritet məsələlərindən biridir. Belə ki, məktəb təliminə başlayan uşaqlarda yaranan problemlər-həmyaşıdları və müəllimləri ilə ünsiyyət, məktəbə adaptasiya ola bilməmələri tədris materiallarının mənimsənilməsinə mənfi təsir göstərir.
Bu cür arzuolunmaz problemləri aradan qaldırmaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05.08.2016-cı il tarixli 549 nömrəli əmrinə əsasən 2016-2017-ci tədris ilində məktəblərdə məktəbəhazırlıq qruplar yaradılmışdır ki, cari tədris ilində Ağdam RTŞ-nin nəzdində fəaliyyət göstərən 65 məktəbdə 75 məktəbəhazırlıq qrupu yaradılmış və həmin qruplara 1030 nəfər uşaq cəlb olunmuşdur. Bu qruplarda təhsilin təşkilinə müntəzəm nəzarət edilmiş I və II yarımillərdə uşaqların bilik və bacarıq səviyyələri öyrənilmişdir. Bu qruplarda məşğələlər tam mənimsənilmiş uşaqların I sinifdə təhsillərini davam etdirmələri qənaətbəxş hesab olunmuşdur. 2017-2018-ci tədris ili üçün 64 məktəbdə 75 m/h qrupu yaradılaraq 1250 uşaq cəlb edilmişdir. Bu qruplara məşğələ keçəcək müəllimlər təşkil edilmiş təlimlərə cəlb edilmişdir. Nəzərinizə çatdırım ki, bu müəllimlər əsasən hazırda IV sinifə dərs deyəcək ib.sinif müəllimləridir, lakin onların müəyyən bir hissəsi Təhsil Nazirliyinin razılığına əsasən D.Q.yuxarı bal toplamış digər ibtidai sinif müəllimləri içərisindən seçilmişdir.
Təhsil Nazirliyinin 05.04.2017-ci il tarixli 186№ əmrinə əsasən “Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi ilə bağlı tədbirlər” həyata keçirilməyə başlanılmışdr. 2011-ci ildə pilot laihə kimi Bakı şəhərində 5 məktəbdə fəaliyyətə başlayan tam orta təhsilin təmayülləşməsi prosesi artıq genişlənərək 24.05.2016-cı il tarixli 351 nömrəli əmrlə 41 regionda tətbiq ediləcəkdir.
2017-2018-ci tədris ilində ilkin variant olaraq rayonun 3 məktəbində təmayül sinifləri yaradılacaqdır ki, bunlar.
1. Quzanlı qəsəbə tam orta məktəbində riyaziyyat-iqtisadiyyat
2. Üçoğlan kənd tam orta məktəbində-hümanitar
3. Bakı şəhəri Muşfiq qəsəbəsində yerləşən 33 saylı tam orta məktəbində-texniki təmayüllü siniflərdə
Təmayüllərin yaradılması ümumi orta təhsil səviyyəsini uğurla başa vuran, bu və ya digər fənn qrupu üzrə xüsusi istedad və qabliyyət nümayiş etdirən, tam orta təhsil səviyyəsində kefiyyətli təhsil almaq bacarığına malik uşaqların seçdikləri təmayül üzrə ali məktəbdə təhsillərini davam etdirmək imkanı yaradır. Bu isə əlavə repetitor yanına qaçmaq və məktəbdən yayınmaq, hallarının qarşısını alır.
Azərbaycan Respublikası Təhsli Nazirliyinin 12 dekabr 2014-cü il tarixli 1256 nömrəli əmri ilə təsdiq edilmiş “Məktəblərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları”na uyğun olaraq hər il Ağdam ümumtəhsil məktəbləri arasında da olimpiadalar təşkil olunur. Belə ki, 15 yanvar 2017-ci il olimpiadanın I mərhələsi keçirilmiş olimpiada da 339 nəfər iştirak etmişdir. 11 mart 2017-ci ildə yarımfinal mərhələsinə 75 nəfər qatılmış və onlardan 3 nəfəri final mərhələsinə vəsiqə qazanmışdır. Alıbəyli kənd tam orta məktəbin XI sinif şagirdi Əliyeva Türkan Azər qızı final mərhələsində 3-cü yeri tutaraq brünc medal qazanmışdır.
Təhsildə yüksək nəticə əldə etmək üçün yüksək pedaqoji hazırlıqla yanaşı məktəb infrastrukturu, məktəbin maddi-tədris və texniki bazası da vacib şərtdir. Məktəblər daim Təhsil Nazirliyinin xətti ilə dərslik, əyani vəsait və digər lazimi avadanlıqlarla təhciz olunur. 2016-2017-ci tədris ilində Ağdam məktəblərinə 57229 ədəd dərslik, 4282 metodik vəsait, həmçinin məktəbə hazırlıq qruplarına 75 dəst əyani vəsait göndərilmişdir. Eyni zamanda aprel döyüşlərini özündə əks etdirən 134 ədəd, Rəşadətli Azərbaycan ordusu “Stendi və bir elektron lövhə məktəblərə göndərilmişdir.
Ağdam yerli təhsil idarəetmə orqanı olaraq 2016-2017-ci tədris ili ərzində Təhsil Nazirliyi tərəfindən göndərilən əmr və sərəncamların məktəblər tərəfindən yerinə yetirilməsinə daim nəzarət edilmişdir. Belə ki,
1) Əmr 23.09.2016-cı il “Sülh aylığı” çərçivəsində 21 avqust-21 sentyabr tarixdə tərtib edilmiş “Fəaliyyət planı” əsasında rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Hərb istəmirik, hərbə hazırıq” mövzusunda inşa müsabiqəsi keçirildi
2) 27.10.2016 tarixli 2016-cı il ərzində “Uşaq hüquqları aylığı” çəçivəsində görülən işlər 16 noyabr 2016-cı il tarixdə Təhsil Nzirliyinə məlumat verilib
3) Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) ümumtəhsil məktəblərinin şagirdləri arasında 10 dekabr Beynəlxalq insan hüquqları günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqəsi keçirilmişdir. Rəsm müsabiqəsi üç mərhələdə üç yaş qrupu üzrə (16-10,11-14-15-18 yaşlar) keçirilmişdir. Hər üç yaş qrupu üzrə qaliblər mükafatlandırılmışdır.
4) Təhsil Nazirliyi 117№ li 27.02.2017-ci il əmri 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmirəyliyi ili” ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı tutulmuşdur.
Görülən işlər barədə 2017-ci il dekabr ayında Təhsil Nazirliyinə hesabat veriləcəkdir.
5) Təhsil Nazirliyinin 07.04.2017-ci il tarixli 193 №li əmri verilmişdir. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi ilə bağlı görülmüş işlər barədə 20 dekabr 2017-ci il tarixdə Təhsil Nazirliyinə hesabat təqdim ediləcəkdir.
6) Heydər Əliyev 94 “Ən yaxşı təqdimat” müsabiqəsində Quzanlı qəsəbə tam orta məktəbin XI sinif şagirdi Təhməzova Nərmin Amil qızı 2 dərəcəli diploma layiq görülmüşdür.
Qeyd: Təhməzova Nərmin Amil qızı 533 balla ADPU-nin Azərbaycan dili
və ədəbiyyat fakultəsinə daxil olub.
Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanların göndərdiyi əmr və sərəncamlarla yanaşı Təhsil Şöbəsinin əmri ilə rayon ümumtəhsil məktəblərində təlimin kefiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksədilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına dair daha geniş şərait yaradılması, qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə fənn aylıqları keçirilmişdir. Seçmə üsulla rayonun 24 məktəbində ibtidai siniflərdə müasir tələblər səviyyəsində ºagirdlərin oxu və yazı bacarıqları araşdırılmışdır. Nəticə maarifyanı şurada müzakirə olunaraq yüksək nəticə göstərmiş Qasımbəyli qəsəbə, 1,68,92 saylı məktəblərin rəhbərlərinə və sinif müəllimlərinə təşəkkür elan edilmişdir. Nəticələri zəif olan Eyvazlı kənd,8,87 saylı məktəblərin rəhbərləri və sinif müəllimlərinə xəbərdarlıq edilmişdir. Məktəb rəhbərləri əlavə məşğələ saatları təşkil edərək zəif nəticəni aradan qaldırmağa çalışmışlar.
Eyni zamanda IX siniflərdə Dövlət İmtahan Mərkəzinin keçirəcəyi buraxılış imtahanında yeni qaydaların tətbiqi ilə əlaqədar olaraq əksər məktəblərimizdə sınaq imtahanları aparılmşdır.
Bütün bu görülən işlərin nəticəsidir ki, məktəbi qurtaran 1359 nəfər şagird attestat almış, onlardan 751 nəfəri ali məktəbə sənəd vermiş, onlardan 519 nəfəri ali məktəbə qəbul olunmuşdur. Bu isə sənədverənlərin 69%-ni təşkil edir. Fərəhləndirici haldır ki, bu şagirdlərdən 36 nəfəri 600-700 bal arası, 71 nəfəri isə 500-600 bal arası toplamışlar. Bu isə ötən ilə nisbətən çox gözəl nəticədir. Bu məzunlardan 15 nəfəri ali hərbi məktəblərə yüksək balla qəbul olunmuşdur, 10 nəfər isə Naxçıvanski adına hərbi liseyə yüksək balla daxil olmuşlar. Onu da qeyd etmək istəyirəm ki, artıq bir ənənə halını almışdır ki, yüksək bal toplayaraq ali məktəblərə daxil olan məzunlar İcra Hakimiyyəti tərəfindən pul mükafatına layiq görülürlər. Sabah 7 sentyabr saat 17:00-da həmin 107 nəfər yüksək nəticə göstərmiş məzun bu zalda Ağdam rayon İcra Hakimiyyəti və Milli Məclisin deputatı cənab Ağalar Vəliyev tərəfindən mükafatlandırılacaqdır. Tələbə adını qazanan hər bir məzuna uğurlar arzulayırıq.
2016/2017-ci dərs ilində görülən işlərin təhlili ilə yanaşı sözsüz ki, qarşıdan gələn 2017/20180-ci dərs ilində qarşıda duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan işlər barədə də danışmaq lazımdır.
İlk növbədə az kontingentli məktəblərlə iş gücləndiriləcək. UM-1 hesabatı zamanı şagird kontingentinin təhlili aparılaraq müasir tələblərə cavab verməyən az kontingentli məktəblər yerləşdiyi ərazi və ətrafda digər məktəblərin olub-olmaması nəzərə alınaraq qərar qəbul ediləcəkdir. Eyni zamanda dərsə müntəzəm davam etməyən şagirdlər haqqında RTŞ tərəfindən araşdırma aparılaraq zəruri tədbir görüləcəkdir.
Buraxılış imtahanlarında zəif nəticə göstərən məktəblərdə ayrı-ayrı fənlər üzrə monitorinqlər keçiriləcək və nəticə Maarifyani şurada müzakirə olunacaqdır. Nəzərinizə çatdırıram ki, I-IV siniflər 2016/2017-ci tədris ilində bu cür monitorinqlər aparılmış və nəticələri məruzəmdə qeyd olunmuşdur. Cari tədris ilində isə yuxarı siniflərdə, tədris dili, xarici dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, azərbaycan tarixi fənlərindən də monitorinqlər aparılması nəzərdə tutulur.
Məktəbəhazırlıq qrupları ilə artıq tanışıq. Belə ki, 2016/2017-ci ildə 65 məktəbdə fəaliyyətə başlayan bu qruplarda seçmə yolla məşğələlərə nəzarət edilmiş, vaxtaşırı məktəbəhazırlığın təşkili və aparılmasına dair pedaqoji kadrlara tövsiyyələr verilmişdir. Bu il də bu proses davam edəcək. Belə ki, dekabr və may aylarında qrupa cəlb olunmuş uşaqların müəyyən olunmuş qaydalar və məzmun üzrə məktəbəhazırlıq təhsilinin səviyyəsi tərəfimizdən araşdırılacaqdır.
Bildiyiniz kimi təmayüllü siniflərin açılması rayonumuz üçün bir ilkdir. 3 zonada təşkil olunmuş bu təmayül siniflərində vaxtaşırı monitorinqlər aparılacaq və nəticələrə uyğun tədbirlər görüləcəkdir. İlk növbədə çalışmaq lazımdır ki, təmayüllü siniflərdən yüksək nəticə əldə edək.
2016/2017-ci ildə Maarifyani şuranın iclası zamanı RTŞ-də “İstedad Bankı” yaradılaraq buraya məktəblərdə xüsusi istedadı ilə fərqlənən uşaqların siyahısı daxil edilmişdilər. Məhz VI və VII siniflərdə keçirilən fənn müsabiqələrinə həmin “banka” daxil olan uşaqlar cəlb olunmuşdular. Qarşıda duran ümdə vəzifələrdən biridə RTŞ-də yaradılmış “İstedad bankı”nı bu il genişləndirmək və həmin şagirdlərin fənn olimpiadalarında, müxtəlif yarışlarda iştirakını vaxtında təmin etməkdir.
Məruzəmdən göründüyü kimi DQ-nın nəticəsi olaraq ibtidai sinif müəllimlərinin az bal topladığı üzə çıxmışdır. Bu il RTŞ olaraq qarşımızda duran ən mühüm vəzifələrdən biridə mütəmadi olaraq ibtidai sinif müəllimlərinin tədris dili və riyaziyyat fənnindən vaxtaşırı yoxlamalarını təşkil etmək, onlarla ciddi iş aparmaqdır.
Bu gün məktəb rəhbərindən narazı olan müəllim əmək müfəttişliyinə şikayət edir, müfəttişliyin işçilərinin araşdırmaları nəticəsində direktora bəlli məbləğdə cərimə yazılır. Bu da həmin rəhbərlərin əmək məcəlləsinin müvafiq bəndlərini normal bilməməsindən irəli gəlir. Nəticədə müfəttişliyin təhsil şöbəsinə qınayıcı məktubları gəlir. Bu cür halların qarşısını almaq üçün məktəb rəhbərlərini cari ildə əmək məcəlləsi üzrə məlumatlılıq səviyyəsi yoxlanılacaq.
Hər il olduğu kimi bu il də yüksək savadı, biliyi ilə seçilən, müasir təhsil metodlarından istifadə edən ayrı-ayrı fənn müəllimlərinin açıq dərsləri təşkil ediləcək, onların iştirakı ilə mühazirələr, semnarlar təşkil edilərək digər müəllimlərin iştirakı təmin olunacaqdır.
İnanıram ki, Azərbaycan təhsilinin öncüllərindən olan Ağdam təhsil işçiləri təhsil üzrə Dövlət Strategiyasında qarşıya qoyulan tarixi vəzifələrin gerçəkləşdirilməsində əllərindən gələni əsirgəməyəcək, həmin tarixi sənəddə təsbit olunan hədəflərə çatmaqla ölkəmizdə müasir təhsil sisteminin qurulması kimi tarixi zəfərə imza atacaqdır.