Şriftin ölçüsü :

Saytın rəngi :

“Ağdam rayonunun 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Hesabat

21 oktyabr 2015 | 10:00

2015-ci il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
İclasda cənab Prezident bildirib ki, bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq ötən 9 ayda Azərbaycan iqtisadiyyatı inkişaf edib.
Bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb, inflyasiya 3,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,8 faiz artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. 9 ayda ölkədə 43 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, 114 min ailədə 500 min insan ünvanlı sosial yardım alır. 87 min yeni iş  yeri açılıb, bunun da 67 mini daimi iş yeridir.
Dövlət başçısı bu il ölkəmizin tranzit imkanlarının genişləndirilməsi üçün əlamətdar hadisələrin baş verdiyini, Çindən Azərbaycana ilk konteyner qatarının gətirildiyini, Bakı-Tbliisi-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisinin başa çatdığını bildirib. “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı bu ilin 9 ayında xeyli işlər görüldüyünü, “Şahdəniz-2” yatağının işlənməsi, TANAR layihəsinin icrası ilə bağlı ciddi addımların atıldığını diqqətə çatdırıb.
Ordu quruculuğu ilə bağlı ölkədə mühüm işlərin görüldüyünü, bu sahənin gələn il də prioritet olacağını, ordunun maddi-tezniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin görüləcəyini vurğulayan Prezident cənab İlham Əliyev təmas xəttində Azərbaycanın tam üztünlüyə yiyələndiyini, düşmənin bütün təxribatlarının qarşısının alındığını, ötən ay təmas xəttində düşmənin təxribat qrupunun məhv edildiyini, onların ağır itgilər verdiyini bildirib.
“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” deyən cənab Prezident Ermənistandakı kriminal diktatura rejiminin Dağlıq Qarabağın Ermənistanın ayrılamz hissəsi olması ilə bağlı verdiyi bəyanata toxunaraq bildirib ki, dünya birliyi və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.
“Bu gərgin psixoloji durumda verilən bəyanat Ermənistan rəhbərliyini ifşa və biabır edir” deyən dövlət başçısı Xunta rejimindən bundan artığını gözləməyin mümkün olmadığını diqqətə çatdırıb.
Cənab Prezident qeyd edib ki, Azərbaycan güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb və regional məsələlərdə mühüm rol oynaır, ölkəmizin iştirakı  və razılığı olmadan bölgədə heç bir layihə icra oluna bilməz.
Yekun nitqində Prezident cənab İlham Əliyev bildirib ki, qlobal rəqabətlik qabiliyyətinə  görə Davos İqtisadi Forumu ölkəmizi 40-cı yerdə qərarlaşdırıb. Bununla da Azərbaycan MDB-də birinci yerdədir, beynəlxalq reytinq agentlikləri də ölkəmizin reytinqlərini yüksəldib. Ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini deyən dövlətimizin başçısı bildirdi ki, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılamlı və büdcə vəsaiti qənaətlə işlədilməlidir.
Bundan əlavə, sahibkarlar vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır. Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etdirilməsinin, “ASAN xidmət” in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən cənab Prezident korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətini bildirib.
Dövlət başçısı qeyd edib ki, ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da  sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimlənmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.
Birinci Avropa Oyunlarının ölkəmizə marağı daha da artdığını, turizm sektorunun inkişafına təkan verdiyini deyən dövlət başçısı gələn illərdə keçiriləcək idman tədbirlərinin də bu baxımdan əhəmiyyətli olacağını bildirib.
Cənab Preizdent “Cənub” qaz dəhlizinin tikintisi ilə bağlı tədbirlərin vaxtında həyata keçirilməsinə dair  tapşırıqlarını verdi, ilin sonuna qədər nəzərdə tutulan bütün tədbirlərin uğurla reallaşacağına əminliyini bildirdi.
2015-ci ilin 9 ayında rayonda tikinti, abadlıq, quruculuq sahəsində işlər davam etdirilmiş, Heydər Əliyev prospektinin Ağcabədi rayonundan giriş hissəsindəki işləri başa çatdırılmış, prospektin hər iki tərəfinə qazon,  bəzək ağacları və güllər əkilmiş, suvarma sistemi ilə təmin olunmuş, giriş qapısında işlər başa çatmaq üzrədir.
Quzanlı qəsəbəsində  Çay evi,  Avtovağzal, “Ağdam OİL”  yanacaqdoldurma məntəqəsi,  Mini futbol meydançası, Təzəkənd qəsəbəsində Poçt şöbəsinin binası, Əfətli və Əhmədağalı kəndlərində Böyük Vətən Müharibəsi iştirakçılarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə Abidə kompleksləri, Evoğlu kəndində 100 yerlik uşaq bağçası, İmamqulubəyli kəndində bulaq kompleksi və istirahət zonası, Çəmənli kəndində kitabxana tikilib istifadəyə verilmiş, Çəmənli kənd uşaq bağçasının,  Üçoğlan kənd xəstəxanasının təmiri başa çatdırılmışdır. 
Heydər Əliyev Mərkəzinin, Quzanlı qəsəbəsində Kənd Təsərrüfatı idarəsinin, 360 şagird yerlik məktəbin, Mərkəzi Aptekin, Xındırıstan uşaq musiqi məktəbinin tikintisi davam etdirilir.
Magistiral avtomobil yollarında 374 min manatlıq təmir və saxlama işləri aparılmış,  kəndarası və qəsəbədaxili yolların təmiri üçün bir sıra tədbirlər görülmüş, İmamqulubəyli kəndində 2 km yola asvalt döşənmiş, Quzanlı qəsəbəsində bir küçənin asvaltlaşdırılması başa çatdırılmışdır. 2015-ci ilin 9 ayında Əfətli-Küdürlü avtomobil yolunun 2,5 km, Səfərli-Ballar yolunun 1,5 km, Əhmədağalı- Kolqışlaq avtomobil yolunun 2,5 km hissəsi təmir olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin tapşırığı ilə hər bir rayonda sənaye  məhəlləsi yaradılmalıdır. Bu sahədə  işi təşkil etmək üçün şirkətlə əlaqə yaratmış, gələcəkdə 300-350 nəfərin işləməsi üçün iş  yeri açılacaq sənaye məhəlləsinə torpaq sahəsi ayrılmış, sənaye məhəlləsinin layihə-smeta sənədləri hazırlanmışdır.
Yaşıllıqların salınması və onlara xidmət işi daim diqqət mərkəzində saxlanılmış, cari ilin keçən dövründə 50 mindən çox  müxtəlif  növ ağac əkilmiş və onların suvarılması üçün su xəttləri çəkilmiş, Eyvazlı kəndində yaradılmış  şitillik sahəsində işlərin genişləndirilməsi üçün tədbirlər görülmüş, 50 minə yaxın calaq edilmişdir.

Əhalinin problemlərinin həlli, həyat şəraitinin  yaxşılaşdırılması, fasiləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, onlara göstərilən  xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün 2015-ci ilin 9 ayında müəyyən tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Rayon ərazisində  elektrik enerjisinin fasiləsiz verilməsini təmin etmək üçün 3 ədəd 110/35/10 kv-luq, 10 ədəd 35/10-kv-luq yarımstansiyalarda olan avadanlıqlarda təmir işləri aparılmış, subartezian quyularına xidmət edən 18 ədəd  müxtəlif güclü transformatorlar təmir olunmuş, 2 ədəd  yeni transformator alınmış,               Xındırıstan, Üçoğlan, Evoğlu və Təzəkənd kəndlərində yeni qazılmış 10 ədəd subartezian quyusu elektrik təhcizatı ilə təmin olunmuşdur. 2015-ci ilin may-iyun aylarında Quzanlı qəsəbəsi və Xındırıstan kəndi ərazisində 4 ədəd yeni transfarmator yarımstansiyası quraşdırılmış, 0,4 kv-luq hava xətti SİP kabellərlə keçirilmiş, 170 ədəd abonentin sayğacı yenisi ilə əvəz olunmuşdur.
Cari ilin 9 ayı ərzində istifadə olunmuş 199,5 milyon kvt saat elektrik enerjisinin dəyərinin 90 faizi ödənilmişdir.
Əhalinin təbii qazla təmin olunması üçün tədbirlər davam etdirilmiş, qaz xətlərində təmir işləri aparılmış, Əfətli, Həsənxanlı kənd orta məktəblərinin, Xındırıstan uşaq musiqi məktəbinin istilik qazanxaları təbii qazla təmin olunmuşdur.
Cari ilin 9 ayında 20,9 milyon kub metr təbii qaz satılmış, satılmış qazın dəyəri 100 faiz ödənilmiş, təbii qazın itgisi 5 faiz olmuşdur.
Əhalinin uçməli suya olan təlabatının ödənilməsi üçün qəsəbələrdə 5150 metr yeni su xətti çəkilmiş, 136 ədəd su nasosu, 18 ədəd transfarmator, 2500 metr su xətti təmir olunmuşdur.
Əhalinin suvarma suyuna olan təlabatını ödəmək üçün cari ilin 9 ayında 794 subartezian quyusu, 4 nasos stansiyası, göllər və qaynamalar vasitəsi ilə 35,3 min hektar sahədə 3 dəfə suvarılma aparılmış, başdan 181 milyon kubmetr su götürülmüş, istehlakçılara 154 min kubmetr su verilmişdir. 2015-ci ilin 9 ayında 30 ədəd subartezian quyusu istismara verilmiş, 20 ədədində isə son tamamlama işləri aparılır. Nasos stansiyalarında və subartezian quyularında təmir işləri yerinə yetirilmişdir.
Əhaliyə göstərilən xidmətlərin, o cümlədən rabitə xidmətinin genişləndirilməsi,  keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər davam etdirilmiş, Quzanlı köçkün qəsəbəsində, Quzanlı qəsəbəsində, İmamqulubəyli, Birinci Baharlı, Qasımbəyli qəsəbələrində texniki işlər aparılmış, ümumilikdə 356 nömrəlik telefon və internet xətti çəkilmiş, onlardan 56 felefon və 54 internet istifadəyə verilmişdir. İmamqulubəyli qəsəbəsində quraşdırılmış 128 nömrəlik EATS-in daxili xətt şəbəkəsi tam tikilərək istifadəyə verilmiş, Birinci Baharlı qəsəbəsində quraşdırılmış 256 nömrəlik EATS-in 128 nömrəlik daxili xətt şəbəkəsi tikilmiş və telefon çəkilişi aparılır. Mərkəzdə daxili xətt şəbəkəsinin 100 nömrəlik genişləndirilməsi işi tam başa çatdırılmışdır.
2015-ci ilin 9 ayında əhaliyə göstərilən poçt xidməti tapşırığı 104 faiz yerinə yetirmiş, 2015-ci il sentyabrın 28-dən oktyabrın 12-dək “Asan xidmət” Quzanlı qəsəbəsində əhaliyə 9 növ üzrə xidmət göstərmişdir.
Əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və suvarma suyu ilə təminatı üçün vacib məsələlərdən biri də göstərilən xidmətlərin dəyərinin ödənilməsidir. Bunun üçün Rayon İcra Hakimiyyəti cari ilin 9 ayında bir sıra tədbirlər görmüş, müzakirələr  aparmış, yol verilən nöqsanların  aradan qaldırılması üçün lazımi   tövsiyyələr vermişdir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət   Proqramı”nda Ağdam rayonu üzrə nəzərdə tutulan  14 tədbirdən 12 -si icra olunur, 2 tədbirin icrasına başlanılmayıb.
Dövlət Proqramının icrası olaraq rayonda 2015-ci ilin 9 ayı ərzində 1268 yeni iş yeri açılmış, ondan 532 daimi, 736 mövsümüdür.
Rayon üzrə 2015- ci ilin 9 ayında ümumi məhsul istehsalının həcmi 94 milyon manat, sənaye məhsulunun ümumi həcmi 7 milyon manat, kənd təsərrüfatı məhsulunun həcmi 68 milyon manat, ticarətin dövriyyəsi  8  milyon manat, informasiya və rabitə xidməti 206 min manat, nəqliyyat və anbar təsərrüfatı 942 min manat, tikinti quraşdırma işlərinin həcmi 9 milyon manat olmuş,  əhaliyə 942  min manatlıq nəqliyyat xidməti göstərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və həmin Proqrama Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli Sərəncamları ilə təsdiq edilmiş Əlavələrin icrası ilə əlaqədar Ağdam rayonu üzrə nəzərdə tutulmuş 32 tədbirdən 18-i icra edilmiş, icra müddətinə əməl olunmaqla 5 tədbir icra olunur, 9 tədbirin icrasına başlanılmayıb.
Ağdam rayonu üzrə 2015-ci ilin 9 ayı   ərzində vergilər üzrə 4,10 milyon  manat proqnoza qarşı 4,13 milyon manat və ya 100,8 faiz əməl olunmuş,  büdcəyə 31 min manat əlavə vəsait daxil olmuşdur.
Rayon Maliyyə idarəsinin fəaliyyəti üçün 2015-ci ilin 9 ayı ərzində dövlət büdcəsindən verilən dotasiya 25,1 milyon  manat proqnoza 94,5 faiz əməl olunmuş, ümumi xərclər üzrə 29,6 milyon  manat proqnoza qarşı 28,3 milyon manat və ya 87 faiz olmuşdur. 
       Rayonumuzda sahibkarlığın inkişafına diqqət artırılmış, car ilin 9 ayında  500 nəfər fiziki, 20 nəfər hüquqi şəxs qeydiyyatdan keçmiş, məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 84 faiz, dövlət sektorunun xüsusi çəkisi isə 16 faiz təşkil etmişdir. 
Kapital Bankın Ağdam rayon filialı tərəfindən 2015-ci ili 9 ayı ərzində  2265 nəfərə 4 milyon 350 min manat,   “Qafqaz kredit” təşkilatı tərəfindən 558 nəfərə 603,0 min manat, “Kaspian-İnvest” kredit təşkilatı tərəfindən 266 nəfərə 459,0 min manat və “Azərkredit”  2107 nəfərə 2 milyon 527 min manat kredit, İqtisadiyyat və Sənaye  Nazirliyi Sahibkarlığa Kömək  Milli Fondu tərəfindən 29 lahiyə həyata keçirilmiş, 29 yeni iş yeri açılmış, 339 min  manat kredit verilmişdir.
      2015-ci ilin 9 ayında Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 1586 nəfər Qarabağ müharibəsi veteranlarına, 470 nəfər müharibə əlillərinin uşaqlarına, 8 nəfər Çernobıl əlillərinin uşaqlarına, 3 nəfər Şəhid ailələrinin uşaqlarına müntəzəm olaraq, 1055 nəfər yeni doğulmuş uşaqlara isə birdəfəlik müavinət,  41 nəfər Çernobıl əlillərinə  müalicə üçün kompensasiya, 18 nəfər vəfat etmiş şəxslərin ailələrinə birdəfəlik dəfn xərci verilmişdir.
          Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ümumi  əlilliyə görə (I- II- III qruplara) 2280 nəfərə müavinət, 441 nəfər şəhid ailəsinə və 428 nəfər müharibə əlilinə Prezident təqaüdü, 1305  aztəminatlı ailəyə Ünvanlı sosial yardım vermişdir.
Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən 15207 nəfər təqaüdçüyə xidmət göstərir ki, onların aylıq pensiya təlabatının  məbləği 2,3 milyon manat, orta aylıq məbləğ 153 manat təşkil edir. Qocalığa görə 8853 nəfər, əlilliyə görə 5868 nəfər, ailə başcısını itirməyə görə 486 nəfər pensiyaçı vardır.
2015-ci il sentyabrın 24-25-də Qurban bayramı münasibəti ilə 3000 ailəyə qurban payı verilmişdir.
Cari ilin 9 ayında rayon Məşğulluq  Мərkəzinə 388 nəfər işaxtaran vətəndaş müraciət etmiş, onlardan 218 nəfəri daimi işlə təmin olunmuş, 36 nəfər vətəndaşa isə işsizlik statusu verilərək müavinət təyin edilmişdir. Hazırda idarə və müəssisələrdə 215 vakant  iş yeri vardır, ondan 174-ü qulluqçu, 41-i isə fəhlə kateqoriyasından olan iş yerləridir.
Ağdam rayon Dövlət Sığorta filialı 2015-ci ilin 9 ayı ərzində  97,5 min  manat tədiyyə tapşırığına qarşı 103,3 min  manat tədiyyə toplamışdır .
Rayonda təhsilin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi nəticəsində            2014-2015-ci tədris ilində buraxılış imtahanlarında IX və XI siniflər üzrə mənimsəmə 61 faiz olmuşdur.
Təhsilin səviyyəsinə qiymət verən əsas  göstəricilərdən  biri də  məzunların ali məktəblərə  qəbul  olunmasıdır. 2014-2015-ci  dərs ilində  rayon  ümumtəhsil məktəbləri üzrə  attestat alan 1346 nəfər şagirddən 643 nəfəri  TQDK-ya  ali məktəblərə  qəbul  üçün sənəd vermiş, 372 nəfər  məzunumuz respublikanın  reytinqi yüksək olan Universitetlərinə qəbul olmuşdur.
Rayon üzrə ən yüksək  nəticə Qasımbəyli qəsəbə  tam orta məktəbində  86 faiz təşkil etmişdir.
Bu ilki  məzunlarından 23 nəfər 600-dən, 51 nəfər isə 500-dən çox bal topalamışdır. Rayonun 2 saylı  köçkün tam orta məktəbin məzunu Təhməzov Məhərrəm Məhəmməd oğlu rayon üzrə ən yüksən, yəni 681 bal toplamışdır. 
Təhsildə  əldə  edilən bu  nailiyyətlər rayon İcra Hakimiyyəti  tərəfindən yüksək qiymətləndirilmiş, 29 avqust 2015-ci  il tarixdə rayonun Quzanlı  qəsəbə Mədəniyyət  evində Ağdam rayon İcra Hakimiyyəti və  rayon Təhsil Şöbəsinin  birgə  təşkilatçılığı ilə  Alı məktəblərə qəbul imtahanlarında  500-dən yuxarı bal  toplamış 74 nəfər  ümumtəhsil  məktəblərinin  məzunları və  onların  valideynləri  ilə rayon  ictimayyətinin  görüşü təşkil olunmuşdur. Tədbirdə 74 nəfər məzun mükafatlandırılmış, 13 nəfər  təhsil işçisi Fəxri-Fərmanla  təltif  edilmişdir.
Qazanılan bu  müvəffəqiyyətlərlə yanaşı, məzunları ali  məktəblərə qəbul ola bilməyən məktəblərimiz, o cümlədən İmamqulubəyli (direktor Cəmilə Hüseynova) kənd, I Yüzbaşılı (direktor Polad Zeynalov) kənd, 8 (direktor Çərkəz Əsgərov ), 39 (direktor Sevda Bayramova ),87 (direktor Səbahət Əmirova ),95 (direktor Bəyaz Məmmədova),109 (direktor Natiq Əsədov ),112 (direktor Vaqif Məmmədov ), 125 (direktor Könül Bağırova  ) saylı köçkün tam orta, Eyvazlı (direktor Fazil Məmmədov ), Həsənxanlı (direktor Sevinc Quliyeva) kənd tam  orta məktəbləri olmuşdur. Bu məktəb rəhbərləri onlara olan etimadı doğrulda bilmədiklərini bilməli, rəhbər kimi işləyib-işləməmək haqqında  özləri qərar qəbul etməlidirlər.

Rayonda orta ixtisaslı mütəxəssisləri hazırlayan Ağdam Musiqi Kollecində 2015-2016-cı tədris ilində bütün  ixtisaslar üzrə 489 nəfər, Ağdam Dövlət Sosial İqtisadi Kollecində 7 ixtisas üzrə  əyani  şöbədə  808 nəfər, qiyabi  şöbədə 4 ixtisas üzrə isə  174 nəfər, 2 saylı Peşə məktəbində  4 ixtisas üzrə 80  nəfər və Ağdam 4 saylı  Peşə məktəbində 4  ixtisas üzrə 100 nəfər şagird təhsil alır.
Rayonda fəaliyyət göstərən 36 körpələr evi-uşaq bağçasının bütün tərbiyəçiləri, 03-12 avqust  2015-ci il  tarixlərdə  Təhsil Nazirliyinin müvafiq  əmrinə əsasən  krikulum  kurslarından keçərək  sertifikatlar  almışlar.

Mədəniyyət və Turizm Şöbəsi rayonda kütləvi tədbirlərin hazırlanıb keçirilməsində fəal iştirak etməsinə baxmayaraq müəyyən nöqsanlara yol vermişdir. Belə ki, Mədəniyyət və  Turizm Şöbəsinin  tabeliyində  fəaliyyət  göstərən müəssisələrin  fəaliyyəti Azərbaycan Respublikası Mədəniyyət və  Turizm Nazirliyinin əməkdaşları  tərəfindən yoxlanılmış və  nəticələr 07 iyul 2015-ci  il tarixdə Nazirliyin Kolegiya iclasında  müzakirə  edilmiş, Kollegiya iclasında Ağdam Rayon Mədəniyyət və  Turizm Şöbəsinin  tabeliyində olan bir neçə  uşaq  musiqi məktəbinin, Tarix-diyarşünaslıq muzeyinin  və Heydər Əliyev Mərkəzinin, eləcə də  Ağdam Dövlət Dram Teatrının  direktoruna  müvafiq cəzalar veilmişdir. Bununla  bağlı  Rayon İcra Hakimiyyəti Başçısı  yanında Şura  iclasında Mədəniyyət və Turizm Nazirliyinin  Kollegiya  iclasının qərarları müzakirə  edilmiş, Rayon Mədəniyət və Turizm Şöbəsinin  müdiri Şahin  Qasımov başda  olmaqla  aidiyyəti  müəssisə  rəhbərlərinə yol  verilmiş  nöqsanların  tezliklə  aradan qaldırılması  istiqamətində müvafiq tədbirlərin  həyata keçirilməsi  üçün  lazımi  tapşırıqlar  və  tövsiyyələr  verilmişdir.
Ağdam Dövlət Dram Teatrı cari ilin 6 ayında 2 tamaşa, sentyabr ayında isə yeni mövsümünün açılışında irdə Arif Mədətovun  “Məcburi Evlənmə” komedyasını ictimayyətə  təqdim etmişdir.

Carin ilin keçən dövrü ərzində Mərkəzi Rayon Xəstəxanasının əsas xidmət sahəsi olan  stasionar xidmətdə nailiyyətlər əldə  edilmiş, 515446 nəfər Ambulator müalicəyə qəbul olunmuş, 1320 nəfər hamilə qadın qeydiyyata  götürülmüş, onlar vaxtaşırı patranoj edilmiş, aşkar olunmuş pataloji  hallar  aradan  qaldırılmışdır. 
Mərkəzi Rayon Xəstəxanasında  2539 nəfər şəkərli  diabetli, Poliklinika şöbəsində  228 Qarabağ əlili, 82 nəfər Çernobl əlili  dispanser  qeydiyyatındadır.
2015-ci ilin 9 ayında cərrahi şöbədə 560  iri əməliyyat aparılmışdır ki, bu da cərrahi fəallığın  xeyli  artmasını göstərir.
Son 9 ayda  Doğum şöbələrinə 780 nəfər  hamilə qadın daxil olmuş və 775 sağlam uşaq dünyaya gəlmişdir.
Onu da  qeyd edim ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tərtib etdiyi  qrafikə uyğun olaraq 26 avqust 2015-ci  il tarixdə Səhiyyə Nazirliyinin Hemotologiya və Transfüzologiya İnstitutunun briqadası tərəfindən Ağdam rayonunda Ümumrayon qanvermə  aksiyası keçirilmiş və aksiyada 151 nəfər rayon sakinləri könüllü olaraq qan vermişlər.
9 ay ərzində  nəzərdə  tutulmuş uşaq  əhalisinin 98 faizinin peyvəndə  cəlb edilməsi təmin  olunmuşdur.

2015-ci  ilin 9 ayı ərzində  Ağdam rayonunda  gənclər və  idmanla bağlı aparılan iş sahəsində müəyyən nəticələr əldə olunmuş, 13 müxtəlif idman yarışlarında rayon idmançıları 14 birinci yer, 12 ikinci yer  və 14 üçüncü yer tutmuşlar.
Xüsusilə ilə qeyd etmək istəyirəm ki, Respublikamızda keçirilən möhtəşəm I Avropa Oyunları ilə  bağlı  10 may 2015-ci  il tarixdə rayonumuzda “Alov  festivalı”  keçirilmiş, festivalın keçirilməsinə  hazırlıq məqsədilə  fevral 2015-ci  il tarixdən   məqsədyönlü tədbirlər  həyata keçirilmiş, “Alov festivalı”nın  keçirilməsi üçün rayonumuzun üzərinə  düşən bütün  vəzifələr  yüksək səviyyədə  yerinə yetirilmiş  və  nəticədə  festivalın keçirilməsində  heç bir  çatışmazlığa yol  verilmədiyinə  görə  rayonumuza I Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən yüksək  qiymət verilmiş və  həmin komitənin  “QIZIL”  medalına layiq  görülmüşdür.
2015-ci il oktyabrın 1-də Azərbaycan Respublikası Kikboksinq Federasiyası, Gənclər və İdman Nazirliyi, Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quzanlı qəsəbəsində Ağdam Olimpiya İdman Kompleksində kikboksinq üzrə möhtəşəm döyüşlər keçirilmişdir.
  Cari  ilin 9 ayı ərzində Yeni azərbaycan Partiyasının sıralarına 237 nəfər qəbul olunmuş, onlardan 140  nəfərini qadınlar, 134  nəfərini  isə  gənclər təşkil edir.
Ağdam rayonun Heydər Əliyev Mərkəzində  2015-ci ilin 9 ayında rayonun ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəbləri  və uşaq bağçalarının, idarə, müəssisə  və  təşkilatların mərkəzə ekskursiyaları  təşkil edilmiş,  Mərkəzdə  Heydər   Əliyev irsinin  təbliği  ilə bağlı  rayonun  orta ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə  məşğələlər keçirilmiş və bu  iş  uğurla başa çatdırılmışdır.

2015-ci  ilin 9 ayında rayon ərazisində cinayətkarlığa qarşı mübarizə sahəsində tədbirlər davam etdirilmiş, cəmi 109 cinayət hadisəsi qeydə alınmış, 10 cinayət  hadisəsi bağlı  qalmış, cinayətlərin açılması 89,5 faiz təmin edilmişdir.
Rayonda kriminogen vəziyyət sabitdir.
Gənclərin həqiqi hərbi xidmətə göndərilməsi 2015-ci  ilin 9 ayında müvəfəqiyyətlə yerinə yetirilmiş, 712 nəfər gənc hərbi xidmətə göndərilmişdir.
2015-cü ilin 9 ayında Silahlı Qüvvələrin Yardım Fonduna 206 min 157 manat vəsait keçirilmişdir.
      
              2015-ci ilin ötən doqquz ayında rayonun əsas iqtisadiyyatını təşkil edən kənd təsərrüfatı sahəsinə diqqət artırılmış, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəzislik haqqında qanunun tələblərinin yerinə yetirilməsi vəziyyətinə nəzarət gücləndirilmişdir.
          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  2015-ci ilin Kənd Təsərrüfatı ili elan edilməsi bu sahədə görülən işlərdə  məsuliyyəti daha da artırmışdır.
Ağdam rayonunda  taxılçılığa  xüsusi fikir verilir.
        2015-ci təsərrüfat ilində kənd əməkçiləri tərəfindən rayonun ərazisində 14780 hektar sahədə buğda, 3047 hektar sahədə arpa əkilib  aqrotexniki qaydada becərilmiş, 56183 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 31.5 sentner olmuşdur.
         Cari ilin ötən dövrü ərzində rayonda  2534  hektar tərəvəz sahəsindən 39050 ton, 450  hektar kartof sahəsindən  7560  ton kartof,  meyvə bağlarından  990 ton meyvə istehsal edilmişdir.
           2015-ci ilin  doqquz ayında heyvandarlığın inkişaf etdirilməsi üçün  bir sıra tədbirlər görülmüş,  iri buynuzlu mal-qaranın baş sayı 860 baş artaraq  39587  başa, ana malın baş sayı 257  baş artaraq  18336  başa, qoyunların baş sayı  349  baş artaraq   104375   başa çatdırılmış, ət istehsalı 47  ton artaraq  3068  tona, süd istehsalı 538  ton artaraq  24970  tona çatdırılmış, yumurta istehsalı 6,4 milyon ədəd, yun istehsalı 156.3 ton olmuşdur.
2015-ci ilin 9 ayında 638  baş inək və düyə süni yolla mayalandırılmış,  657  baş sağlam cins buzov alınmışdır.
2015-ci ilin 9 ayında rayonun qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində ayrı-ayrı bələdiyyələr tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, Qeyri-Hökumət təşkilatları ilə apardıqları layihələr əsasında Sarıcalı bələdiyyəsi 7,5 km, Alıbəyli bələdiyyəsi 7,5 km, Qaradağlı bələdiyyəsi 7,2 km, Əhmədağalı bələdiyyəsi 7,5 km, Zəngişalı bələdiyyəsi 21 km yolun çınqıl və sebenlə təmin olunmasını təmin etmiş, Əhmədağalıda 145 ev krantlaşdırılmış, Çəmənlidə 174 ailənin hər birinə 1100 manat birdəfəlik yardım olunmuş, Qərvənd kəndində 560 metr istinad divarı çəkilmiş, ərazidə olan qəbirstanlıqlarda təmizlik işləri görülmüşdür.
Azərbaycan Hökuməti ilə Dünya Bankının təşkilatçılığı ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun  maliyyə dəstəyi ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi  cari ilin 9 ayında Birinci Baharlı qəsəbəsində 9 km, Mahrızlı kəndində 12 km kəndarası yollar təmir etmiş, 111 saylı məktəbdə əsaslı təmir işləri aparmış, məktəbi  3 vaqon tipli sinif otaqları  və avadanlıqlarla təmin etmişdir.
        
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş Rayon İcra Hakimiyyəti Başçısının, onun Aparatının fəaliyyətində mühüm yer tutur. Bu baxımdan rayonun sosial-iqtisadi, mədəni, ictimai-siyasi həyatının bütün sahələrində, xüsusilə adamlarla aparılan işin səmərəli, işgüzar təşkilində, ortaya çıxan problemlərin həllində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlarının daha fəal iştirakının təmin edilməsi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
1 şəhər, 1 qəsəbə, 33 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində rayon əhalisinin 2015-ci il üçün təsərrüfatbaşına qeydiyyatı yenidən dəqiqləşdirilmiş, metodoloji izahata uyğun müvafiq qeydlər aparılmışdır.
18 köçkün qəsəbə nümayəndəliklərinə yeni Ev təsərrüfatı kitabları verilmiş, qəsəbələrdə yaşayanların qeydiyyatı yenidən aparılmışdır.
01 oktyabr 2015-ci il tarixə metodoloji statistikaya görə rayonun 45112 ailə-təsərrüfat olmaqla 193200 nəfər əhalisi vardır. Ondan 10079 ailədə, 41641 nəfəri yerli, 35033 ailədə, 151592 nəfəri isə məcburi köçkündür.
Nümayəndəliklərdə kargüzarlıq işlərinin müvafiq təlimat və göstərişlərə uyğun aparılması ilə əlaqədar bütün sənədlər yanvar ayında verilmiş nümunələr əsasında yenidən tərtib olunaraq işlənilmiş, bütünlükdə kargüzarlıq işlərinin müvafiq Qaydalara, təlimat və göstərişlərə uyğun aparılmasına diqqət artırılmışdır.
Qeydiyyat işləri müvafiq Qanunvericilik aktlarına uyğun olaraq sənədləşdirilmiş, doqquz ay ərzində rayon Qeydiyyat şöbəsi və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən 1653 doğum, 512 ölüm, 619 nigah qeydi aparılmışdır.
        2015-ci ilin 9 ayında Rayon İcra Hakimiyyəti Başçısı Aparatına  1144 müraciət daxil olmuşdur. Bu müraciətlərin 458-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 99-u Nazirlər Kabinetindən, 21-i Milli Məclisdən, 125-i Nazirlik, Komitə və Respublikanın digər təşkilatlarından, 441  müraciət isə bilavasitə rayon əhalisi tərəfindən daxil olmuşdur. Həmin dövrdə 21 müraciət nəzarətə götürülmüşdür ki, həmin müraciətlərə vaxtında və keyfiyyətlə baxılaraq əsas etibarı ilə müsbət həll edilmişdir.
    2015-ci ilin 9 ayında daxil olan vətəndaş müraciətlərinin 2014-cü ilin müvafiq  dövrü ilə müqayisədə 156 ədəd azalaraq 1144 ədəd olmuşdur.
          Cari ilin 9 ayında Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 4175 nəfər vətəndaş, o cümlədən  932 nəfəri İcra Hakimiyyəti Aparatında, 3243 nəfəri isə səyyari görüşlərdə qəbul olunmuşdur. Vətəndaşların müraciətləri aidiyyati üzrə təhlil olunmuş, həlli istiqamətində lazımi tədbirlər görülmüşdür. 
Məlum olduğu kimi “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərman imzalamışdır ki, bunula da bütün vətəndaş mürcaiətlərinin vahid elektron informasiya sisteminə işlənilməsi nəzərdə tutulur. Artıq 17 iyun 2015-ci il tarxidən Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan bütün vətəndaş mürcaiətləri vahid elektron informasiya sisteminə işlənilir.
Yeni Sistemə keçirilməsi ilə əlaqədar olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, müavinlərinin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə geniş müşavirələr və treninqlər keçirilmişdir.
Rayonun sosial-iqtisadi inkişafı sahəsində ilin sonuna qədər görüləsi işlərimiz, həlli vacib problemlərimiz çoxdur.
İlin sonuna kimi Heydər Əliyev Mərkəzinin yeni binasının tikintisini əsasən başa çatdırmalı, Heydər Əliyev Parkının yenidənqurulmasına  başlamalıyıq.
Kənd təsərrüfatı idarəsinin inzibati binası, Quzanlı qəsəbəsindəki 360 şagird yerlik litsey, Xındırıstan kənd  uşaq musiqi məktəbi istifadəyə verilməli, sənaye məhəlləsi yaradılmalıdır.
Digər sahələrdə də başladığımız,  icrasını vacib saydığımız işlərin həllinə nail olmalıyıq.
2015-ci ilin ən mühüm siyasi kompaniyası olan Milli Məclisə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsini təmin etməliyik.
Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx  birləşərək rayonumuzun sosial-iqtisadi inkişafının  yüksəldilməsi üçün lazım gələn bütün tədbirləri görməliyik.
Bu yolda hamınıza uğurlar diləyirəm.
Diqqətinizə görə minnətdaram.

     Ağdam Rayon İcra Hakimiyyəti Başçısı :                 Raqub Məmmədov

Keçidlər