Nərgiztəpə mədəni irsimizin möhtəşəm abidəsidir
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı bu yay Xocavənd rayonu ərazisindəki Nərgiztəpə abidələr kompleksində arxeoloji araşdırmaları davam etdirib. Tədqiqatlar zamanı Qarabağın Mil düzü ilə kəsişən dağətəyi əraziləri nəzərdən keçirilib, əsas tədqiqat obyekti olan Nərgiztəpədə arxeoloji qazıntı işləri aparılıb.
Nərgiztəpənin cənub-şərq ətəyində çox iri, yonulmamış qaya parçalarından bir cərgə düzülməklə inşa edilən və uzunluğu 60 metrə çatan divar qalıqları diqqəti cəlb edir. Divardan şərqdə - bayır tərəfdə qədim xəndəyin qalıqları var. Cənubda isə bu divar torpaq səddə söykənir. Divarın tikintisində hər hansı bərkidici maddədən istifadə edilməyib. Bu xüsusiyyətlərinə görə, divar qalığı Azərbaycanda daha çox “təpəgöz qalaları” kimi tanınan klassik siklop tikililəri sırasına daxildir. Azərbaycanın qərb bölgələrində, xüsusilə Daşkəsən və Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasının ərazisində, indiki Ermənistan respublikasında - Göyçə gölü ətrafında da belə tikililər çoxdur. Son Tunc və Erkən Dəmir dövründə geniş yayılan siklopik tikililər ibtidai cəmiyyətin dağılması və sinifli cəmiyyətə keçidlə bağlı idi.
Tədqiq olunan ərazidə aparılan əkin-biçin işləri, eləcə də arx və xəndəklərin qazılması zamanı, demək olar ki, hər il yeni-yeni abidələr üzə çıxır. Bu yaxınlarda Nərgiztəpənin ətrafında traktorla xəndək qazılarkən ağ tufdan yastı daş lövhələr, insan sümükləri, müxtəlif saxsı qab nümunələri, sədəfdən uzunsov düzbucaqlı şəklində düzəldilmiş muncuq aşkar edilib. Saxsı qablardan biri demək olar ki, bütöv haldadır. Oxşar qablara Azərbaycanın həm antik dövr (məsələn, e.ə. III-I əsrlərə - Yaloylutəpə mədəniyyətinə məxsus), həm də erkən orta əsr abidələrində rast gəlinir. Aşkar edilən tapıntılar buradakı daş örtüklü torpaq qəbirlərin antik dövr, yaxud da erkən orta əsrlərin bütpərəst dini ayinləri, dəfn adətləri ilə bağlılığını təsdiqləyir.
Tapılmış keramika nümunələri arasında üzərinə qırmızı boya ilə naxışlar çəkilmiş saxsı qabın qırıqları böyük maraq doğurur. Narın gildən hazırlanmış iri tutumlu qabın çiyin hissəsini, gövdə və qulpunu bəzəyən bu naxışlar həndəsi – düz, perpendikulyar və kəsişən xətlər, tağlar, təbiət təsvirləri – günəş, dağlar və ağaclar, soomorf – maral təsvirlərindən ibarətdir. Qarabağın antik dövr abidələrindən, o cümlədən Qalatəpə, Üzərliktəpə, Qaraköpəktəpə, Qaraköbər və başqalarından tapılan keramika nümunələri üzərində belə naxışlara (zoomorf təsvirlər istisna olmaqla) tez-tez rast gəlinir. Bəzi fraqmentlər yaxınlıqdakı Nərgiztəpə yaşayış yerindən aşkar olunan nümunələrlə oxşardır.
Boya naxışlı fraqmentlərin tapıldığı yerdə xəndəyin içərisi yoxlanılarkən iri küp qəbir qalıqları (insan sümükləri ilə birgə) aşkar edilib. Gələcəkdə bu ərazidəki qəbir abidələrinin arxeoloji tədqiqi antik dövrdə Nərgiztəpədə yaşamış insanların dini görüşlərini, dəfn adətlərini araşdırmağa imkan verəcək.
Yuxarıda təsvir edilən tapıntılarla yanaşı, ərazidə erkən orta əsrlərə aid qab qırıqlarına, saxsı parçasından düzəldilmiş təkərciyə, daşdan əmək alətlərinə rast gəlinməsi göstərir ki, Nərgiztəpə yaşayış məskəninə məxsus antik dövr nekropolu üzərində sonralar yeni məskən salınıb.
Bu ilin may ayından başlayaraq Nərgiztəpə yaşayış məskənində arxeoloji qazıntı işləri davam etdirilib. Hər biri 30 kvadratmetr olan iki hissədə aparılan tədqiqatlar göstərir ki, bu abidə əsasən üç mədəni təbəqədən ibarətdir: orta tunc, antik və orta əsrlər. Orta əsrlərə aid üst mədəni təbəqədə şirli və şirsiz saxsı qab nümunələrinə, daşdan əmək alətlərinə, ocaq yerlərinə və güclü yanğın izi olan zolaqlara rast gəlinib. Qalınlığı iki metrdən çox olan antik təbəqə həm memarlığına, həm də artefaktların rəngarəngliyinə görə çox zəngindir. 2,5 metr dərinlikdən aşkar edilən iri daşlardan və möhrədən ibarət müdafiə divarları isə Nərgiztəpədə diqqət çəkən ən önəmli tapıntıdır.
Nərgiztəpə Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq saça biləcək abidədir. Burada qədim Azərbaycan dövləti olan Albaniyanın həm antik, həm də erkən orta əsrlər tarixini bütün çalarları ilə izləmək olar. Qazıntılar zamanı Orta Tunc, Son Tunc və İlk Dəmir dövrlərinə, erkən alban çağlarına aid saxsı nümunələrinə də təsadüf edilir.
Nərgiztəpə ətrafında yerləşən orta əsrlərə aid müsəlman qəbiristanlığındakı bəzi qəbirüstü daşların üzərinə qazma üsulla müxtəlif işarə və damğalar, oyma naxışlar çəkilib. XIII-XIV əsrlərdən etibarən baş daşları üzərində epiqrafik mətnlər ərəb qrafikası ilə Azərbaycan dilində həkk olunub. Rəvayətə görə, “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan hadisələrin bir çoxu, xüsusilə Qaraca Çobanla bağlı əhvalatlar məhz bu ərazilərdə baş verib. Burada addımbaşı rast gəlinən iri yumru daşlar isə Qaraca Çobanın “sapand daşları”, yaxud “daşa dönmüş qoyunlarıdır”. Ümumiyyətlə, Nərgiztəpə ətrafındakı toponimlər bu ərazinin qədim oğuz türklərinin yurd yerləri olduğunu təsdiqləyir.
Nərgiztəpədəki tarixi, arxeoloji, memarlıq abidələrinin, “Kitabi-Dədə Qorqud”la səsləşən toponimlərin elmi əhəmiyyəti burada intensiv tədqiqatların aparılmasının, arxeoparkın yaradılmasının, turizm obyektlərinin açılması istiqamətində kompleks tədbirlərin görülməsinin zəruriliyini şərtləndirir.