“YERLİ GƏNC” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏLİM AĞDAM GƏNCLƏRİNİ ƏHATƏ EDİB
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində kənd gəncləri üçün təşkil olunan silsilə təlimlər davam edir. Təlim sessiyası çərçivəsində Ağdam rayon İcra Hakimiyyəti və Ağdam rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Ağdamın Quzanlı qəsəbəsində bu rayonun kəndlərində yaşayan fəal gənclər üçün təlim keçirilib.
Tədbirə “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatının keçirilməsi ilə başlanılıb. Təqdimat zamanı iştirakçılar ölkəmizdəki gənclər siyasəti, gənclər ilə bağlı Dövlət Proqramları və gənclər üçün yaradılan imkanlar haqqında məlumat əldə ediblər. Daha sonra Y-Peer Azərbaycan şəbəkəsinin təlimçiləri tərəfindən iştirakçılara İİVQİÇS kimi mövzusunda təlim keçilib. Təlim zamanı kənd gənclərinə İİVQİÇS, yoluxma növləri barəsində məlumat verilib, mövzu ilə əlaqəli qrup işləri təşkil olunub. Sonda, iştirakçılar sözügedən mövzuda əldə etdikləri məlumatlar əsasında fikir mübadiləsi aparıblar.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında 2015 - ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bunu nəzərə alaraq, “Azərbaycan: 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçirir.
“Yerli Gənc” Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.