Avropa Parlamentinin üzvləri Ağdam rayonunda olmuşlar
Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri sentyabrın 1-də Ağdam rayonuna gəlmişlər.
Avropa Parlamentinin üzvləri, həmçinin Milli Məclisin deputatı Qənirə Paşayeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətində olmuşlar. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 77 faizi – Ağdam şəhəri, bir qəsəbə və 82 kənd işğal edilərək talan olunmuş və dağıdılmışdır. Rayonun 180 min əhalisindən 143 mini məcburi köçkün kimi respublikanın 62 rayon və şəhərində məskunlaşmışdır. Təcavüzkar Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə həlli, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur.
Qeyd olunmuşdur ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər görmüşdür. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınmışdır. Məcburi köçkünlər üçün nə qədər yaxşı şərait yaradılsa da, onların ən böyük arzuları doğma yurd-yuvalarına qayıtmaqdır.
Görüşdə qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin həyat şəraiti ilə bağlı sualları cavablandırılmışdır. Avropa Parlamentinin üzvlərinə Ağdamın işğaldan əvvəlki və sonrakı görüntüləri əks olunmuş “Qafqaz Xirosiması” filmi göstərilmiş, filmin diski və fotoalbom verilmişdir.
Avropa Parlamentinin üzvləri sonra mədəniyyət evində uşaq musiqi məktəbi xor kollektivinin ifasına baxmış, 2010-cu ilin noyabrında məcburi köçkünlərin istifadəsinə verilmiş 689 mənzilli qəsəbədəki 18 nömrəli məktəbə baş çəkmişlər. Məcburi köçkün Hüseyn Əliyev qonaqları salamlayaraq, öz yurd-yuvalarına qayıtmaq istədiklərini bildirmiş və beynəlxalq təşkilatlardan ədalətin təmin olunmasını istəmişdir.
Qonaqlar məcburi köçkün Oruc Cabbarovun mənzilinə gəlmiş, ailənin şəraiti ilə tanış olmuşlar.
Avropa Parlamentinin Slovakiyadan olan üzvü Boris Zala jurnalistlərə müsahibəsində bildirmişdir ki, səfərin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin problemləri ilə bağlı daha yaxından tanış olmaqdır. Boris Zala demişdir: “Dağlıq Qarabağ münaqişəsi bizi narahat edir. Bilirik ki, münaqişə həll edilməsə, müharibə ola bilər. Yaxın gələcəkdə Azərbaycan Avropa İttifaqının bir hissəsi olmalıdır. Lakin müharibə şəraiti davam etdikcə bu, mümkün deyil. Sülh isə yalnız o zaman ola bilər ki, işğal altındakı ərazilər azad edilsin. ATƏT-in Minsk qrupu səmərəsiz bir qrupdur. Avropa Parlamenti, Avropa İttifaqı münaqişənin həlli üçün yeni forma hazırlamalıdır. Bunun üçün Avropa İttifaqının kifayət qədər səlahiyyəti vardır”.