Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib

24 yanvar 2020 | 11:00

Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən müşavirədə 2019-cu ildə kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
İnzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, fermerlərin, kənd təsərrüfatı mütəxəssislərinin iştirak etdiyi müşavirədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından, rayonda aqrar sahənin inkişafını təmin etmək üçün qarşıda duran vəzifələrdən danışıb.
Rayon icra hakimiyyəti başçısının müavini Allahverən Əliyev çıxışında rayonda aqrar sahənin vəziyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, rayon iqtisadiyyatında əsas yer tutan kənd təsərrüfatının inkişafı 2019-cu ildə də davam edib. Kəndli fermerlər və torpaq mülkiyyətçiləri ötən il 47 min 660 ton buğda, 7870 ton arpa, 6025 ton kartof, 13 min 244,7 ton şəkər çuğunduru, 105 min 441 ton tərəvəz istehsal ediblər ki, bu göstəricilər əvvəlki illə xeyli çoxdur.
Diqqətə çatdırılıb ki, respublikamızın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da baramaçılığın və pambıqçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. İpəkqurdunun yem bazasını təmin etmək məqsədilə 2019-cu ildə rayon ərazisində Çin Xalq Respublikasından gətirilmiş 44 min 500 ədəd, həmçinin 14 min 600 ədəd yerli tut tingi əkilib. Ötən təsərrüfat ilində 17,1 ton barama, 7315,7 ton pambıq tədarük edilib.
Müşavirədə qeyd olunub ki, rayonun təbii su mənbələri işğal altında qaldığı üçün əkinlərin suvarma suyuna olan tələbatının ödənilməsi əsasən subartezian quyuları vasitəsilə həyata keçirilir. Rayonun əkin sahələri 952 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 4 suyığıcı göl, 11 kəhriz vasitəsilə suvarma suyu ilə təmin edilir. Rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə hər il yeni subartezian quyuları qazılır.
Məlumat verilib ki, 2020-ci ilin məhsulu üçün rayonda 22 min 100 hektar sahədə şum aparılıb, 15 min 750 hektar sahədə dən və yaşıl yem üçün payızlıqlar səpilib. Bunun 12 min 092 hektarını buğda, 2255 hektarını dən üçün arpa, 1403 hektarını isə xəsil arpa təşkil edir.
Müşavirədə aidiyyəti qurumların rəhbərləri və fermerlər çıxış edərək, aqrar sahənin inkişafı və bəzi problemlərdən söz açıb, fikir və təkliflərini bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov kənd təsərrüfatının inkişafı, qarşıya çıxan çətinliklərin aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Keçidlər