Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda sahibkarlar üçün işgüzar forum keçirilib

26 sentyabr 2019 | 11:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, onların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi tədbirlərini davam etdirir.
Bu məqsədlə Ağdam rayonunda keçirilmiş işgüzar forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq təşkil edilib, Ağdam rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan pambıqçılıq, tərəvəzçilik, cins heyvandarlıq təsərrüfatlarının və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd edilib ki, sərhəd və cəbhə bölgəsində vətəndaşların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması, onlara dövlətin güzəştli kreditlərinin verilməsi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətində əsas prioritetlərdəndir. 
Nazir müavini bu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 116,4 milyon manatadək güzəştli kredit verildiyini, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılmasının 3800-dən çox yeni iş yerinin açılmasına imkan yaratdığını bildirib. Qeyd edilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1300-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 44,6 milyon manat güzəştli kredit verilib. 
İşgüzar forum çərçivəsində Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 21 sahibkara 1,9 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, bağçılıq, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcək, 50-dək yeni iş yerinin açılmasına imkan yaranacaq.
Tədbir çərçivəsində Ağdam rayonunda dövlətin güzəştli krediti ayrılan heyvandarlıq kompleksinə baxış keçirilib.

Keçidlər