Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilib

03 may 2019 | 11:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Gənclər Fondu və Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə Quzanlı qəsəbəsində “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirib. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.
Xidmət rəisinin müavini, general-mayor Şahvələd Əliyev, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Dövlət Himninin ifası ilə başlayan orta məktəblərin yuxarı sinif şagirdlərinin, gənclərin, ictimaiyyətin, şəhid ailələri nümayəndələrinin, veteranların və rayon hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə Mədəniyyət Evində davam etdirilən tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək, Vətənə məhəbbət, milli qürür hissi ilə yaşayan gəncliyin yetişdirilməsi istiqamətində tədbirin vacibliyini diqqətə çatdırıb. Xidmət tərəfindən Ağdam məktəbliləri arasında “Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir” mövzusunda yazı müsabiqəsinin keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Şahvələd Əliyev Ulu Öndərin dövlətçiliyimiz üçün misilsiz xidmətlərindən söz açıb. Heydər Əliyevin Azərbaycanı hər cür qəsdlərdən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi əbədiyaşarlıq qazandığını bildirib. Qeyd edib ki, ən başlıcası  Heydər Əliyevin siyasi kursu ölkədə uğurla davam etdirilir. Daha sonra Xidmət tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən danışıb. Hazırda müharibə şəraitində olan ölkəmizdə, Prezident İlham Əliyevin rəhbərliyi altında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən səfərbərlik hazırlığı və müddətli həqiqi hərbi xidmətə çağırış işinin təşkil istiqamətində əsaslı tədbirlər həyata keçirildiyini vurğulayıb.
Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən bəhs edib. Ümummilli Liderin müasir gənclər üçün örnək olan həyatı və fəaliyyəti barədə fikirlərini bölüşüb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Ulu Öndər Heydər Əliyevin hərb tariximizi, ordu quruculuğu təcrübəsini yeni bir səviyyəyə qaldırdığını, müasir ordumuzun əsasını qoyduğunu, Azərbaycanın müstəqilliyini qorumağa qadir olan Silahlı Qüvvələrin memarına çevrildiyini qeyd edib.
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Vətənin müdafiəsi məsələsində qətiyyətli mövqeyi Vətəni müdafiə borcunun hər bir vətəndaşın əqidəsinə, mənəvi dəyərinə çevrilməsinə təkan verən güclü bir qüvvədir.
Tədbirdə Ağdam rayon orta məktəb şagirdləri arasında “Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir” mövzusunda keçirilmiş yazı müsabiqəsinin qaliblərinə müvafiq diplomlar və mükafatlar təqdim edilib.
Sonda Ağdam rayon özfəaliyyət dərnəyi və məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram təqdim olunub.

Keçidlər