Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi qurbanlarının xatirəsi Ağdamda dərin hüznlə yad edilib

26 fevral 2018 | 11:00

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 26-ci ildönümü Ağdamda dərin hüznlə anılıb.
Rayon rəhbərliyi, ziyalılar, əmək kollektivlərinin, ictimaiyyətinin nümayəndələri, gənclər və ağsaqqallar əvvəlcə rayonun girişindəki Şəhidlər abidə-kompleksi önünə tər qərənfillər düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin ruhuna dualar oxuyublar.
Ağdam Dövlət Dram Teatrında davam edən tədbir Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov və digər çıxış edənlər erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğının acı nəticələrindən danışıblar. Bildirilib ki, həmin gün 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirib, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.
Mərasimdə çıxış edən Xocalı sakinləri və xocalılıların xilas edilməsində iştirak etmiş keçmiş döyüşçülər erməni silahlılarının törətdikləri qanlı cinayətlərdən, günahsız insanların başına gətirdikləri müsibətlərdən danışıblar.
Tədbir Ağdam Dövlət Dram Teatrının ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.
Tədbirdən sonra Rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərə  ərzaq yardımı paylanılıb.

Keçidlər