Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam: mövcud yem bazası və yerli əhalinin təcrübəsi barama istehsalını dəfələrlə artırmağa imkan verir

09 avqust 2017 | 11:00

Ağdam: mövcud yem bazası və yerli əhalinin təcrübəsi barama istehsalını dəfələrlə artırmağa imkan verir
Ağdam rayon Quzanlı qəsəbəsində Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr müzakirə olunub.
Barama və pambıq istehsalıçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, kənd təsərrüfatının strateji sahələrindən hesab olunan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafına əlverişli şərait yaratdığını bildirib.
Baramaçılığın vaxtilə Ağdam rayonunda inkişaf edən sahələrdən olduğunu deyən R.Məmmədov 1980-ci illərdə hər il rayon üzrə 300 tondan artıq barama istehsal edildiyini, lakin 1992-ci ildən sonra barama istehsalının dayandığını vurğulayıb. Qeyd edib ki, uzun fasilədən sonra ötən il ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə rayon ərazisində 40 min tut tingi əkilib. 2016-cı ildə Ağdam rayonunda 2,4 ton, 2017-ci ildə 13,2 ton barama istehsal olunub. Rayon ərazisindəki mövcud tut ağacları və əhalinin baramaçılıq sahəsindəki təcrübəsi barama istehsalını dəfələrlə artırmağa imkan verir.
Kənd Təsərrüfatı İdarəsinin rəisi Allahverən Əliyev, kümçü Məhəmmədəli İmanov və başqaları çıxış edərək, 2018-ci ildə daha yüksək nəticələrə nail olmaq üçün yem bazasının möhkəmləndirilməsi, ipəkqurdu bəslənməsinə lazımi şəraitin yaradılması, tut bağlarına xidmətin yaxşılaşdırılması ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.
Toplantıda pambıqçılığın inkişafından da bəhs edilib. Qeyd olunub ki, əgər 2016-cı ildə rayon ərazisində 350 hektar sahədə pambıq əkilmişdisə, bu il 3005 hektara çatdırılıb. Tarlalara göstərilən düzgün aqrotexniki qulluq sayəsində hər hektardan 30-35 sentner pambıq istehsal edilməsi gözlənilir.
Yığıncaqda yüksək nəticə göstərən bir qrup kümçüyə rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyə verilib.

Keçidlər