Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonu üzrə sosial-iqtisadi göstəricilər təhlil edilib

14 iyul 2016 | 11:00

Ağdam rayon Quzanlı qəsəbəsində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağı keçirilib.  Ağdam Rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun hesabat məruzəsində bildirilib ki, ilin altı ayında Ağdam rayon Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyinin, 360 şagird yerlik məktəbin, Kənd Təsərrüfatı İdarəsi binasının, mərkəzi aptekin tikintisi, Heydər Əliyev parkının, veteranlar evinin və mərkəzi meydanın yenidən qurulması işləri davam etdirilir. Erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində rayonun kəndlərində dağılmış mülki əhaliyə məxsus evlər Prezident İlham Əliyevin Sərəncamına əsasən bərpa edilir və yenidən tikilir. Bundan başqa, rayonda xalçaçılıq müəssisəsinin yaradılması üçün də tədbirlər görülür. Bundan başqa rayon üzrə bütün göstəricilərdə ötən dövrlə müqayisədə artıb. Belə ki, rayon üzrə ümumi məhsul istehsalının həcmi 58,6 milyon manat olub. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyon manat və ya 1,8 faiz çoxdur. Bu dövrdə 7 milyon manatlıq sənaye, 39,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 5 milyon manatlıq tikinti quraşdırma işləri həyata keçirilib.
Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, bu il rayonda 551 hektar sahədə pambıq əkilib. 2450 kiloqram barama istehsal olunub. Taxıl biçini başa çatdırılıb, 17 min 840 hektar sahədən 57 min 569 ton məhsul əldə edilib. Hazırda digər kənd təsərrüfatı məhsullarının yığımı davam edir.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həllindən və qarşıda duran vəzifələrdən danışılıb.

Keçidlər